pişik balası

öldürür bir pişiyin balasını zibillikdə itlər
şahid oluruq,mən və anası.
mənmi daha çox dəhşət içindəyəm,
anasımı?
bölüşə də bilmirəm,qəfil niyə kədərləndirim kimisə?
mən də bölüşə bilmirəm,anası da.
unudaram bir-iki günə,anası isə?!

boğulma

doğul bir gün,

boğul bir gün,

öl bir gün.

on yeddi il yox deyənlər

gəl əslində deməliydi

yox bir gün.

ürəyi olmayan insanların

necə qan dövranı davam edə bilər?

ya da varsa ürəyi,

necə ağrı hiss etmiyə bilər?

doğma doğmaq sözündən gəlirsə

insan öz balasına on yeddi yaşında

necə deyər doğ bir gün?

bilsən necə dəyərlisən,

dəyişərdi bütün dünya

yaşasaydın çox bir gün.

 

 

 

yorğunluq

tək olmaq kədərlidir,

yalnız olmaq qorxulu.

uduzan adamlar kədərlidir,

udan adamlar qorxulu.

sonra tərsinə və hər şey

əksinə davam edir.

insan uşaq doğulur,

uşaq ölür.

ölmək qorxuludur

sağ qalmaq kədərli.

bəzi xəstəliklərdən sağalmaq çətindi,

yorğunluq kimi.

Teatr

“dostlar məni bağışlayın!”

dostlar yoxdur.

dostlar hanı?

dostlar nədir?

mənə ən yaxın

nə qədər yaxın ola bilər?

mən özümdən uzağam.

məndən uzaq durun

bir nəfər un,yağ,şəkər dalınca getsin,

iki nəfər molla dalınca.

duasını oxuyun mərhumun

dan yeri ağarınca.

somavara od salın

çay süzülsün,halva gəlsin

davam etsin tamaşa

düşməsinlər təlaşa

kim ölüb?

Mən!

Sən?

Kimsən?

Heç.

 

aprel-may 2019

qış şeirləri

getmisən,yerini şaxta alıb

məni həm vahimə basır

ayaqqabıların rəfdə tərpənmir aylarla,

həm də qorxuram baxdıqca.

daha bir gedmiş adamsan,

başqa bir dəfn mərasimisən sən.

adi şeylərdi bunlar:

ölü yuyular,basdırılar

ölülərin yeri boş qalar.

sadə şeylərdi bunlar:

iki kilo una nə qədər şəkər,

yağ nə qədər

bunları hamı bilir,

hamı ölümə hazırdı.

susduqca hər gün daha

yaşadıqca bir gün

bir gün daha çirkab boğaza qədər yapışır.

gecəyə səhər,ilana zəhər

mənə yazmaq,

ölümə kədər yaraşır.

 

13.01.2020

başlıqsız

əgər cəza vermək lazımdırsa bu dünyada,

ən ağır cəza

ki,adamlara görə dəyişir

ki,adamlar milyon illik tarixdə

bir əsr yaşamır

ki,keçmişi və gələcəyi müzakirə edərkən

nə keçmişə getmək şansı var,

nə də çox asan tələffüz etdiyimiz iki min yüzüncü ilə qədər yaşamaq

Ölümün reallığını bilib,

unutmaq

bədbəxtçilikdir ya xoşbəxtçilik?!

ki,adamlara görə dəyişir.

 

02.04.2019

suallar

ölüb qoynuna qovuşuruq dünyanın

onunla dalaşsan ya dalaşmasan.

necə ki iki qütb nöqtəsi var dünyanın

gedib görsən ya görməsən.

ulduzların bir sayı var,bəlkə də yoxdu.

sayını bilsən ya bilməsən

dünyanın ədaləti də belədir

necə ki ömür axıb gedir

sən ona qarışsan ya qarışmasan

dünyanın ədalətiylə də barışsan ya barışmasan.

dekabr 2017

dalan

aylar illər keçib gedir
külək kimi üstümüzdən
ibarətdir həyatımız iş yolundan,
işləməkdən,
siqaretin tüstüsündən.
xeyirə şərə də gedirik
qoy yaxınlar inciməsin,küsməsinlər.
yaşıyırıq dünənlərlə.
küsmüşük yaşıyanlarla,
barışmışıq ölənlərlə.
yaxşı olmağa yox,
uyğun olmağa çalışırıq
baxanların gözünə.
sevgilər üzük,xonçadı
sevgilər ev,iş,maşın
qurbanıyıq yalançı bir yarışın.

dairə

hər sabah biraz həyat biraz ölüm deməkdir.
yaşamaq istəyi ki var bu dünyanı bugün də biraz görüm deməkdi.
müharibələrdə sağ qalanlar və ölənlər olur
yaşayanlar olmur.
müharibə mübarizə deməkdi.
mübarizədə qalib gələnlər məğlub olanlar olur,
barışanlar olmur.
heç yolunu bilmədiyi şəhərlərə
müharibədir deyib gedən,
müharibədir deyə ölən insanlar kimlərdir?
dövlətlərin savaşdığı,
insanların öldüyü
müharibə!
insanların savaşdığı
dövlətlərin öldüyü
inqilab!
birincidə ölüm təhlükəsi daha yüksək olsa da
ikincinin daha təhlükəli hesab olduğu bir dünyada
mənə görə bir şey ya var ya da yoxdur.
məsələn,vicdan
vicdan biraz ola bilərmi?
iman edib,əməl etməmək kimi.
toz eşidib,qoza inandırmaq kimi özünü.
həzm olunmayan yemək,bilib danışmayan insan
ikisi də ağırlıqdır sadəcə
biri mədədə biri fəzada.
bizə də sanki ya indi danış ya da
sonsuza qədər sus deyiblər.
ancaq köçəri quşları qorxudan bostan müqəvvaları kimi susmuşuq
susmuşuq lal səssizliyiylə.